Almaniyada gənclərin yaratdığı “Gen Z regelt” (“Z nəsli həll edər”) təşəbbüsü oktyabrın 31-də ölkənin 21 şəhərində kütləvi etiraz aksiyaları keçirməyə çağırıb.
DW-nin məlumatına görə, nümayişlərin keçiriləcəyi şəhərlər arasında Berlin, Köln, Hamburq və Münhen də var. Aksiyalarda minlərlə insanın iştirak edəcəyi gözlənilir.
Təşkilatçılar təhsil sistemindəki problemlərə, dövlət xərclərinin azaldılması siyasətinə, yaşayış xərclərinin artmasına, sosial bərabərsizliyə, məcburi hərbi xidmətə və iqlim dəyişikliyinə etiraz edəcəklərini bildiriblər.
Etiraz çağırışı Fransada kütləvi nümayişlərin zorakılıq və talanlarla müşayiət olunmasından sonra edilib.
Fransada məktəblilərin təhsil sisteminə narazılığı ilə başlayan aksiyalar sonradan həmkarlar ittifaqları və müxtəlif qrupların iştirakı ilə genişlənib.
“Gen Z regelt” təşəbbüsü isə zorakılığın istənilən formasına qarşı olduğunu açıqlayıb. Təşkilatın internet saytında insanlara və əmlaka qarşı zorakılığın, vandalizmin və dağıntıların qəbuledilməz olduğu vurğulanıb.
Almaniya polisi nümayişlərlə bağlı hazırlıq gördüyünü və vətəndaşların dinc toplaşmaq hüququnu qoruyacağını bildirib.
Bununla yanaşı, Fransa, İtaliya və İspaniyadakı hadisələrdən sonra təhlükəsizlik qurumları radikal qrupların aksiyalardan istifadə edə biləcəyindən narahatdırlar.
Almaniya Polis Həmkarlar İttifaqının (GdP) Federal Polis üzrə rəhbəri Andreas Roskopf “Rheinische Post” qəzetinə açıqlamasında mümkün zorakılıq hallarına sərt və qətiyyətli cavab veriləcəyini bildirib.
O, radikal və ekstremist qrupların nümayişçilərin arasına qarışaraq polis əməkdaşlarına hücum edə və dağıntılar törədə biləcəkləri barədə xəbərdarlıq edib.
Aksiyaların oktyabrın 31-də yerli vaxtla saat 14:00-da başlanması planlaşdırılır.
Denmedia.az

