Almaniyada məktəb birliyi hərbi xidmətə qarşı ölkə miqyasında etiraz aksiyaları elan edib.
Bu barədə təşkilatın mətbuat xidməti bildirib.
Aksiyaların mayın 8-də — nasist diktaturasından azad olunma gününə həsr olunaraq keçiriləcəyi bildirilib.
Məlumata görə, tədbirlərə 50 mindən çox məktəbli cəlb olunub.
Təşkilat qeyd edib ki, məktəblilər daha əvvəl də ölkə üzrə on minlərlə insanla birlikdə iki dəfə küçələrə çıxıblar və mayın 8-də aksiyanı yenidən təkrarlamaq niyyətindədirlər.
Bundan əlavə, təşkilatçılar bütün şagirdləri həmin gün keçiriləcək nümayişlərə qoşulmağa çağırıblar.
Birlik nümayəndələrinin sözlərinə görə, etirazların əsas məqsədi Almaniyada militarizasiya siyasətinə və hərbi xidmət sistemində aparılan islahatlara qarşı çıxmaqdır.
Onlar həmçinin hərbi qeydiyyat nəzarətinin gücləndirilməsi və məcburi hərbi xidmətin geri qaytarılması ilə bağlı müzakirələrdən narahat olduqlarını bildiriblər.

