SOCAR-ın keçmiş departament rəhbəri Adnan Əhmədzadə barədə sensasion iddia səsləndirilib.
Denmedia.az xəbər verir ki, vətəndaş Tubu Talıbova DenazTV-yə müsahibəsində işlədiyi Ceylan MMC ilə bağlı ciddi ittihamlar irəli sürüb.
Onun sözlərinə görə, şirkətdə çalışdığı 5 il ərzində əmək hüquqları pozulub və ona ödənilməli olan ümumilikdə 10 min manat məbləğində vəsait verilməyib.
Şikayətçi bildirir ki, şirkətin rəhbəri Adnan Əhmədzadə və direktor Fuad Əliyev tərəfindən onun haqqı “bilərəkdən mənimsənilib”. Tubu Talıbovanın iddiasına görə, ona aylıq verilməli olan əməkhaqqı müxtəlif bəhanələrlə ödənilməyib və nəticədə ciddi maliyyə zərəri ilə üzləşib.
Onun sözlərinə əsasən, əmək müqaviləsinin müddəti başa çatdıqdan sonra da vəziyyət onun xeyrinə dəyişməyib. Əksinə, o, işdən çıxmaq üçün ərizə yazmağa məcbur edildiyini iddia edir. Bu halın isə əmək qanunvericiliyinin tələblərinə zidd olduğu qeyd olunur.
Hazırda çətin sosial vəziyyətdə yaşadığını deyən şikayətçi kirayədə qızı ilə birlikdə yaşadığını və ciddi maliyyə sıxıntısı ilə üzləşdiyini vurğulayıb. O, aidiyyəti qurumlardan məsələyə hüquqi qiymət verilməsini və haqqının bərpa olunmasını tələb edir.
Məsələ ilə bağlı Ceylan MMC tərəfindən hələlik rəsmi açıqlama verilməyib. Redaksiya olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Nizami Rəsulov
Denmedia.az

