ABŞ-ın Florida ştatında polis altı il gizlənən qatil qadını saxlayıb. Bu barədə Fox News məlumat yayıb.
50 yaşlı Kaşon Roper aprelin 15-də, çərşənbə günü saxlanılıb. Bu, onun FBI tərəfindən ən çox axtarılan 10 cinayətkar siyahısına daxil edilməsindən cəmi bir neçə saat sonra baş verib.
2020-ci ildə Roper Missuri ştatında iki qadının olduğu avtomobilə atəş açıb. Hər iki qadın yaralansa da, onlardan biri həyatını itirib. Həmin vaxtdan etibarən Roper qaçaraq gizlənirdi.
FBI direktoru Keş Patel bildirib:
“Onu ən çox axtarılan 10 cinayətkar siyahısına daxil etdikdən bir neçə saat sonra çoxlu məlumat daxil oldu və əməkdaşlarımız onu saxladı.”
Roper aprelin 14-də siyahıya salınıb. Qısa müddət sonra ona bənzəyən qadının tələsik şəkildə avtomobilin baqajına əşyalar yerləşdirdiyi barədə məlumat daxil olub. Polis avtomobili saxlayıb və sükan arxasında həqiqətən də Roper olub.
Patel qeyd edib ki, son bir ildə FBI ən çox axtarılan cinayətkarlar siyahısından 8 nəfəri saxlayıb, bu isə əvvəlki dörd ilin nəticəsindən iki dəfə çoxdur.

