İndoneziyanın Açe əyalətində 25 yaşlı qadın və 22 yaşlı kişi avtomobildə öpüşdüklərinə görə ictimai şəkildə çubuqla cəzalandırılıb.
Bu barədə Associated Press (AP) məlumat yayıb.
Məlumata görə, cəzanın tətbiqinə səbəb TikTok-da yayılan video olub. Videodan sonra əyalətin şəriət orqanları araşdırmaya başlayıb və cütlüyün evli olmadığını müəyyən edib.
Onlar aprel ayında saxlanılıblar. Hər iki şəxs əvvəlcə 25 çubuq zərbəsinə məhkum edilsə də, məhkəməni gözləyərkən bir neçə ay həbsdə qaldıqları üçün cəza 21 zərbəyə endirilib.
Cəzanın icrasını izləmək üçün əraziyə 100-dən çox insan toplaşıb.
Qeyd edək ki, Açe İndoneziyada şəriət qanunlarının tətbiq olunduğu yeganə əyalətdir. Bu əyalətdə bəzi pozuntulara görə ictimai şəkildə çubuqla cəza nəzərdə tutulur.

