Azərbaycanda İnsan hüquqları üzrə müvəkkil (ombudsman) vəzifəsinə üç nəfərin namizədliyi irəli sürülüb.
Məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin oktyabrın 30-da keçirilən iclasının gündəliyinə daxil edilib.
Namizədlər hazırkı ombudsman Səbinə Əliyeva, Konstitusiya Məhkəməsinin keçmiş hakimi Ceyhun Qaracayev və Ali Məhkəmənin hakimi Elşanə Vəliyevadır.
Səbinə Əliyeva 2019-cu ilin noyabrından ombudsman vəzifəsini icra edir.
Hüquq elmləri doktoru, professor Ceyhun Qaracayev 2010–2025-ci illərdə Konstitusiya Məhkəməsinin hakimi olub. Elşanə Vəliyeva isə Ali Məhkəmənin hakimi olmaqla yanaşı, Hakimlərin Seçki Komitəsinin üzvüdür.
Qanunvericiliyə əsasən, ombudsman Prezidentin təqdim etdiyi üç namizəd arasından Milli Məclisdə ən azı 83 səslə seçilir.
Ombudsmanın səlahiyyət müddəti 7 ildir və eyni şəxs bu vəzifəyə iki dəfədən artıq seçilə bilməz.
Namizədlərin seçilməsi məsələsinə parlamentdə baxılacaq.

