Azərbaycanda güclü küləkli hava şəraitində işçilərin təhlükəsizliyinin təmin olunması ilə bağlı yeni qaydalar müəyyən edilir.
Milli Məclis bununla bağlı Əmək Məcəlləsinə dəyişiklikləri üçüncü oxunuşda qəbul edib.
Dəyişikliklər əsasən açıq havada çalışan, o cümlədən tikinti sahələrində və açıq ərazilərdə yerləşən qurğularda işləyən şəxslərin təhlükəsizliyinin gücləndirilməsini nəzərdə tutur.
Yeni qaydalara əsasən, Əmək Məcəlləsinin 233-cü maddəsində soyuq və isti havalarda işin dayandırılması və işçilərə fasilələrin verilməsi ilə bağlı müddəalar küləkli hava şəraitinə də şamil ediləcək.
Quruda istismar olunan kranlarla bağlı ayrıca tələblər müəyyənləşdirilib.
Belə ki, küləyin gücü 6–8 bal olduqda kranlarla iş yalnız həmin avadanlıqların texniki pasportunda nəzərdə tutulmuş hallarda davam etdirilə bilər.
Küləyin gücü 8 baldan artıq olduqda isə bu kranlarla bütün işlər məcburi qaydada dayandırılmalıdır.
Dəyişikliklər küləkli hava şəraitində işçilərin təhlükəsizliyini artırmaq və istehsalatda bədbəxt hadisələrin qarşısını almaq məqsədi daşıyır.

