Noyabrın 2-dən Bakıda 102, 130, 142 və 159 nömrəli avtobus marşrutlarının dayanacaq yerləri dəyişdiriləcək.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, həmin marşrutlar artıq “20 Yanvar” metro stansiyası yaxınlığında, Moskva prospektində yerləşən 14 saylı notariat ofisinin qarşısındakı dayanacaqda saxlamayacaq.
102 və 159 nömrəli avtobuslarla Xocəsən və Sulutəpə qəsəbələri istiqamətində hərəkət edən sərnişinlər “20 Yanvar” metro stansiyasının Müzəffər Həsənov küçəsindəki çıxışında, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin binası ilə üzbəüz yerləşən başlanğıc dayanacaqdan istifadə edə biləcəklər.
Bu marşrutların növbəti dayanacağı isə “Şamaxinka” ərazisində, “Alov” zavodunun qarşısında olacaq.
130 və 142 nömrəli avtobusların sərnişinləri “20 Yanvar” metrosu yaxınlığında, Moskva prospektində yerləşən “Azərbaycanfilm” kinostudiyası dayanacağından istifadə edə biləcəklər.
Lökbatan qəsəbəsi və Masazır kəndi istiqamətində hərəkət edən bu avtobusların növbəti dayanacağı da “Şamaxinka”da, “Alov” zavodunun qarşısında yerləşəcək.
AYNA-nın məlumatına görə, dəyişikliklər ictimai nəqliyyatın hərəkətini optimallaşdırmaq, avtobusların hərəkət intervallarını tənzimləmək və nəqliyyat qovşaqlarında sıxlığı azaltmaq məqsədi daşıyır.
Xatırladaq ki, daha əvvəl 114A, 114B, 500, 503 və 508 nömrəli marşrutların dayanacaqları da Moskva prospektindəki 14 saylı notariat ofisinin qarşısından köçürülüb.
Dəyişikliklərin avtobusların hərəkətini sürətləndirəcəyi və sərnişinlərin rahatlığını artıracağı gözlənilir.

