İranın hərbi dəstəyi Yəməndəki “Ənsar Allah” hərəkatının (husilər) Səudiyyə Ərəbistanına və Yəmən hökumət qüvvələrinə qarşı daha dəqiq və mürəkkəb hücumlar həyata keçirməsinə imkan yaradıb.
Bu barədə The Wall Street Journal (WSJ) kəşfiyyat məlumatları ilə tanış olan mənbələrə istinadən xəbər yayıb.
Nəşrin məlumatına görə, Tehran husilərə raket və pilotsuz uçuş aparatlarının hədəfə yönləndirilməsi, kəşfiyyat, hərbi təlim və əməliyyatların idarə olunması sahələrində dəstək göstərib.
Bildirilir ki, İran əvvəllər husilərə silahları, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) və “Hizbullah” hərəkatının mütəxəssislərini qayıqlarla göndərib.
Lakin ABŞ və İsrailin əməliyyatları əvvəlki təchizat yollarını pozduqdan sonra İranın silah daşınması üçün sualtı qayıqlardan istifadə etməyə başladığı iddia olunur.
WSJ-nin yazdığına görə, SEPAH zabitlərinə husilərin raket, dron, tunel və logistika əməliyyatları da daxil olmaqla bütün hərbi fəaliyyət istiqamətlərinə yardım göstərmək tapşırılıb.

