ABŞ-ın razılaşmanı ləğv edərək İrana qarşı hava hücumlarını yenidən başlatmasından sonra Tehran administrasiyası da cavab zərbələrinin miqyasını genişləndirib. İran ordusu Körfəz ölkələrindəki ABŞ bazaları ilə yanaşı, bölgədəki elektrik stansiyalarını və strateji obyektləri hədəf alan genişmiqyaslı raket və pilotsuz uçuş aparatı hücumları həyata keçirib.
ABŞ-ın “The Wall Street Journal” nəşri mənbələrinə istinadən Bəhreyn və Küveytin İran ərazisinə gizli hava əməliyyatları təşkil etdiyini yazıb.
Nəşrin məlumatına görə, ərazisində ABŞ hərbi bazaları yerləşən Bəhreyn və Küveyt İranın hücumlarına cavab olaraq gizli şəkildə döyüş təyyarələrini İran ərazisinə göndərib.
İddia olunur ki, hava zərbələri zamanı hərbi obyektlər, pilotsuz uçuş aparatlarının saxlanıldığı anbarlar və raket təsisatları hədəfə alınıb.
“The Wall Street Journal” qeyd edib ki, Küveyt və Bəhreyn hakimiyyəti məsələ ilə bağlı şərh sorğularına cavab verməyib.
Küveyt və Bəhreyn də daxil olmaqla Körfəzin bəzi ərəb ölkələri son dövrlərdə hava hücumundan müdafiə sistemlərinin İran mənşəli hücumların qarşısını aldığı barədə mütəmadi açıqlamalar yayırlar.
ABŞ və İran arasında, xüsusilə Hörmüz boğazında gərginliyin yenidən artmasından sonra tərəflər əldə olunmuş razılaşmanı qarşılıqlı şəkildə ləğv ediblər. Razılaşmanın pozulmasının ardınca ABŞ bölgədəki hərbi əməliyyatlarını bərpa edib.
Buna cavab olaraq İran Körfəz ölkələrində yerləşən ABŞ hərbi bazalarını, elektrik stansiyalarını və digər kritik infrastrukturu raketlər və pilotsuz uçuş aparatları ilə hədəfə almağa başlayıb.
Tehran administrasiyası cavab hücumlarının intensivliyini daha da artıracağı ilə hədələyib.

