Yəmənin Prezident Rəhbərlik Şurasının sədri Rəşad əl-Alimi husilərə qarşı hərbi əməliyyatların başladığını elan edib.
Bu barədə o, “Əl-Cəzirə” telekanalının efirində açıqlama verib.
Əl-Aliminin sözlərinə görə, Yəmən hakimiyyəti ölkənin suverenliyini və vətəndaşlarını qorumaqla bağlı konstitusion məsuliyyətini yerinə yetirir.
Hərbi əməliyyatların əsas məqsədi hazırda husilərin nəzarətində olan əraziləri yenidən hökumətin nəzarətinə qaytarmaqdır.
“Bu gün respublikanın nəzarətimizdən kənarda qalan ərazilərini geri almaq üçün hərbi əməliyyatların başladığını elan edirəm. Biz hazırlıq mərhələsindən ərazilərin geri qaytarılması mərhələsinə keçirik”, – deyə əl-Alimi Yəmən xalqına müraciətində bildirib.
Xatırladaq ki, sentyabrın 28-də Yəmənin beynəlxalq səviyyədə tanınan hökuməti husilərə qarşı mübarizə məqsədilə ümumi səfərbərlik elan edib.

