2026 FIFA Dünya Kubokunda mübarizə aparacaq İran milli komandası təlim-məşq toplanışı keçdiyi Antalyadan ayrılıb.
ABŞ, Kanada və Meksikada təşkil olunacaq mundiala hazırlaşan İran yığması Kundu turizm bölgəsindəki oteldə 2 həftəlik hazırlıq prosesi keçib. Komanda Dünya Kuboku öncəsi hazırlığını davam etdirmək üçün Meksikaya yollanıb.
İran milli komandasının heyəti Meksikanın Tixuana şəhərinə uçmaq üçün Antalya Hava Limanına gəlib və daha sonra təyyarəyə minib.
İranlı futbolçuların yola düşərkən kameralara əks olunan görüntüləri diqqət çəkib. Komanda üzvlərinin səfər öncəsi Qurani-Kərimi öpərək dualarla yola çıxdığı görülüb.

İran turnirdə ilk matçını 15 iyunda Yeni Zelandiya yığmasına qarşı keçirəcək. Komanda Antalyadakı təlim-məşq toplanışı müddətində iki yoxlama oyunu oynayıb. İran yığması Qambiyanı 3:1, Malini isə 2:0 hesabı ilə məğlub edib.

