İran, ABŞ-ın ölkə nümayəndə heyətinin bir neçə üzvünə — o cümlədən İran Futbol Federasiyasının prezidenti Mehdi Taca — viza verməməsi səbəbindən 2026 Dünya Çempionatının püşkatmasını boykot edir. Bu barədə təşkilatın sözçüsü Amir Mehdi Alavi məlumat verib. Onun açıqlamasını Tasnim agentliyi yayıb.
Alavi bildirib:
“ABŞ tərəfindən qəbul edilən qərarlar idmanla heç bir əlaqəsi olmayan addımlardır. Biz bu barədə FİFA-ya məlumat verdik və İran nümayəndə heyəti püşkatmada iştirak etməyəcək.”
Tehran ABŞ-ın davranışını “qeyri-idman hərəkəti” kimi qiymətləndirib.
2026-cı il Dünya Çempionatı tarixdə ilk dəfə 48 komanda ilə keçiriləcək. Turnir ABŞ, Kanada və Meksikada 11 iyun – 19 iyul tarixlərində baş tutacaq. Püşkatma isə 2025-ci il 5 dekabrda Vaşinqtonda keçiriləcək.

