Britaniyanın “The Times” qəzeti Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantinodan onun əlavə əməkhaqqı alması və Mayamidə əmlak əldə etməsi ilə bağlı yanlış məlumatlar yayımladığına görə rəsmi üzr istəyib.
Bu barədə Sports.ru FİFA-nın mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bildirilib ki, oktyabrın 13-də “The Times” İnfantinonun əsas maaşından əlavə 1,72 milyon dollar məbləğində “ikinci maaş” aldığını iddia edib. Qəzet həmin vəsaitin 2026-cı il dünya çempionatının təşkilinə cavabdeh qurum tərəfindən ödənildiyini və FİFA-nın illik hesabatında göstərilmədiyini yazıb.
Nəşr həmçinin İnfantinonun “Shadi LLC” şirkəti vasitəsilə ABŞ-nin Mayami şəhərində bazar dəyərindən aşağı qiymətə daşınmaz əmlak aldığını iddia edib.
Lakin “The Times” sonradan hər iki məlumatın yanlış olduğunu etiraf edib.
“2026-cı il oktyabrın 13-də iddia etmişdik ki, Canni İnfantino FİFA-dan açıqlanmayan ‘ikinci maaş’ alıb. Bu məlumat yanlışdır. Heç bir ‘ikinci maaş’ olmayıb”, – deyə qəzetin açıqlamasında bildirilib.
Nəşr izah edib ki, İsveçrənin maliyyə hesabatlılığı qaydalarına əsasən, İnfantinoya ödənilən xərclər və onların kompensasiyası əməkhaqqı hesab olunmur. Buna görə də həmin vəsaitlərin FİFA-nın illik hesabatında əməkhaqqı kimi göstərilməsi tələb edilmir.
Qəzet Mayamidə daşınmaz əmlak alınması ilə bağlı iddiasını da geri götürüb.
Açıqlamada İnfantinonun və ailə üzvlərinin “Shadi LLC” şirkətinin nə hüquqi, nə də benefisiar sahibləri olduqları, həmçinin şirkətə nəzarət etmədikləri vurğulanıb.
“Bu məlumatlara düzəliş etməkdən məmnunuq və yol verdiyimiz səhvlərə görə cənab İnfantinodan və FİFA-dan üzr istəyirik”, – deyə “The Times” bəyan edib.
FİFA isə jurnalistləri məlumatları dərc etməzdən əvvəl mənbələri diqqətlə yoxlamağa çağırıb.

