FİFA prezidenti Canni İnfantino administrasiyasının bəzi yüksək vəzifəli əməkdaşları ilə təcili müşavirə keçirməyə hazırlaşır.
Jurnalist Ben Ceykobsun “X” sosial şəbəkəsində yaydığı məlumata görə, İnfantino yenidən seçilmə strategiyasını müəyyənləşdirməzdən əvvəl futbol assosiasiyalarından 106-dan çox dəstək səsini qoruyub-qorumadığını aydınlaşdırmağa çalışır.
FİFA rəhbəri hazırda üzv assosiasiyalarla fəal danışıqlar apararaq onların dəstəyini təmin etməyə çalışır. Lakin bəzi federasiyaların artıq ona verdiyi dəstəyi geri çəkdiyi bildirilir.
Mənbələrin məlumatına görə, 2026-cı il dünya çempionatına qədər İnfantinonu dəstəkləyən assosiasiyaların sayı 200-dən çox idi.
Bununla yanaşı, Avropanın bir sıra futbol rəsmiləri təkcə İnfantinonun vəzifədən uzaqlaşdırılmasını deyil, həm də FİFA-nın idarəetmə modelinin dəyişdirilməsini təklif edirlər. Təkliflər arasında prezident postunun daha sərt nəzarət və tarazlaşdırma mexanizmlərinə malik rəhbər komitənin sədri vəzifəsi ilə əvəzlənməsi də var.
FİFA prezident seçkiləri 18 mart 2027-ci ildə Mərakeşin Rabat şəhərində keçiriləcək.

