Rusiyanın Londondakı səfiri Andrey Kelin bildirib ki, Rusiya aktivlərinin tam müsadirəsi Böyük Britaniyanın maliyyə sistemi üçün ciddi nəticələr doğura bilər. O, bu barədə RIA Novostiyə müsahibəsində danışıb və belə addımların artıq oğurluq kimi qiymətləndirilə biləcəyini vurğulayıb.
“Britaniyalılar artıq gəlirlərin oğurlanmasına qədər gediblər, çünki Ukraynaya növbəti kreditin ayrılması üçün öz maliyyə imkanları xeyli tükənib. Aktivlərimizin tam həcmdə oğurlanmasına gəlincə, əgər bu baş verərsə, Britaniya maliyyə sistemi üçün nəticələri olacaq”, — deyə Kelin bildirib.
Diplomat xatırladıb ki, Britaniya bankları aktivlərin müsadirəsi halında Rusiyanın mümkün məhkəmə iddiaları və maliyyə itkiləri ilə bağlı narahatlıqlarını açıq şəkildə ifadə edirlər. Bundan əlavə, Kelin Avropa İttifaqının dekabr ayında aktivlərin müsadirəsindən imtina etməsini Moskvanın qətiyyətli addımlarının nəticəsi kimi qiymətləndirib və Rusiyanın “Avropa özbaşınalığına” qarşı hüquqi müstəvidə mübarizəyə hazır olduğunu qeyd edib.

