Paytaxt bazarlarında yay mövsümünün ilk meyvə və giləmeyvələri piştaxtalarda artmağa başlayıb. Lakin qiymətlər hələ də alıcılar üçün birmənalı qarşılanmır.
Hazırda bazarlarda çiyələyin kiloqramı təxminən 4 manata, ərik 5 manata, gilas və yaşıl alça isə 10 manata təklif olunur.
Satıcıların sözlərinə görə, yaşıl alçanın xırda topdansatış qiyməti təxminən 3-5 manat arasında dəyişir. Pərakəndə satışda isə standart məhsullara adətən ən azı 50 qəpik əlavə olunur. Lakin seçilmiş, iri və keyfiyyətli məhsulların qiyməti daha yüksək olur.
Bazarlarda tut 1,50-2,50 manat, şaftalı və yastı şaftalı təxminən 2 manat, nektarin isə 1 manatdan başlayan qiymətlərlə satılır. Xırda alçanı 1-2 manata, yumşalmış və bir qədər köhnəlmiş şaftalını isə 50 qəpiyə tapmaq mümkündür.
Satıcılar bildirirlər ki, bu mövsüm qiymətləri formalaşdıran əsas amillər məhsulun ölçüsü, sortu və xarici görünüşüdür. Piştaxtalarda “Viktoriya” çiyələyi, “Anjelika” gavalısı kimi alıcılar arasında tələbat olan müxtəlif sortlara da rast gəlinir.
Bu il erkən meyvələrin ötən illərlə müqayisədə baha olmasının əsas səbəbi isə yaz aylarında müşahidə olunan qeyri-sabit hava şəraiti göstərilir. Güclü leysan yağışları və dolu bölgələrdə bağlara ciddi ziyan vurub, yetişməkdə olan məhsulun bir hissəsini yerə töküb.
Nəticədə Azərbaycanın rayonlarından bazarlara gətirilən məhsulun həcmi azalıb və bu da qiymətlərin yüksəlməsinə səbəb olub. Satıcıların sözlərinə görə, əlverişsiz hava şəraiti xüsusilə alça məhsuluna ciddi təsir göstərib. Ötən ilin eyni dövründə alçanın kiloqramı 1-1,50 manata satıldığı halda, hazırda keyfiyyətli məhsulun azlığı qiyməti yüksək saxlayır.
Alıcıların fikirləri isə fərqlidir. Bəziləri mövsümün əvvəli üçün qiymətləri normal hesab edir və son günlər bəzi məhsulların 20-30 qəpik ucuzlaşdığını bildirir. Digərləri isə meyvə və giləmeyvələrin hələ də baha olduğunu, vitaminlə zəngin məhsulların orta alıcı üçün əlçatan olmadığını deyirlər.
Sahibkarlar isə yaxın həftələr üçün ehtiyatlı nikbinlik ifadə edirlər. Onların sözlərinə görə, qiymətlərin sonrakı taleyi birbaşa hava şəraitindən asılıdır. Bölgələrdə sabit, isti və quru hava davam edərsə, məhsul yığımı artacaq və bazarlarda yay meyvələrinin qiyməti daha münasib olacaq.
Ətraflı Xəzər Xəbər-in süjetində

