Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam edir.
Növbəti köç mərhələsində Ağdam şəhərinə 70 ailə (238 nəfər), Xocavənd rayonunun Quzeyxırman kəndinə isə 8 ailə (34 nəfər) köçürülür.
Beləliklə, ümumilikdə 78 ailə – 272 nəfər doğma yurduna qayıdır.
Köçürülən ailələr indiyədək ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşıblar.
Doğma torpaqlarına qayıdan sakinlər göstərilən hərtərəfli dövlət dəstəyinə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sakinlər həmçinin torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusuna, hərbçilərə və zabitlərə təşəkkür edib, döyüşlərdə şəhid olanların xatirəsini ehtiramla anıblar.

