Azərbaycanın quş əti və dəniz məhsullarının Çin bazarına ixracı ilə bağlı yeni razılaşmalar əldə olunub.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, AQTA sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyətinin Çinə işgüzar səfəri çərçivəsində mühüm protokollar imzalanıb.
Sənədləri AQTA sədri Qoşqar Təhməzli və Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin rəhbəri Sun Meytszyun imzalayıblar. Protokollar Azərbaycandan Çinə quş əti, akvakultura məhsulları və vəhşi su bioresurslarının ixracı zamanı inspeksiya, karantin və qida təhlükəsizliyi tələblərini müəyyən edir.
Bildirilib ki, imzalanan sənədlər yerli sahibkarlar üçün Çin bazarına çıxış imkanlarını genişləndirir və bu sahədə ixrac üçün hüquqi baza yaradır.
Görüşlər zamanı tərəflər Azərbaycan kənd təsərrüfatı məhsullarının Çin bazarına çıxışının artırılması, sertifikatların qarşılıqlı tanınması, rəqəmsallaşma və qida təhlükəsizliyi sahəsində əməkdaşlıq məsələlərini də müzakirə ediblər.
Səfər çərçivəsində AQTA sədri Çin Dövlət Bazar Tənzimlənməsi Administrasiyasının naziri Lo Ven ilə də görüşüb. Görüşdə dövlət nəzarətinin gücləndirilməsi, effektiv inspeksiya sistemlərinin tətbiqi və rəqəmsal transformasiya istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilib.

