Almaniyanın avtomobil nəhəngi Volkswagen rəhbərliyi əvvəl gözlənildiyindən daha çox iş yerini ixtisar etməyi planlaşdırır.
Bu barədə Bild qəzeti şirkətin daxili sənədlərinə istinadən məlumat yayıb.
Məlumata görə, Volkswagen yeni qənaət tədbirləri çərçivəsində işçilərin sayını təxminən 55-70 min nəfər azaltmağa çalışır. Bununla yanaşı, şirkətin istehsalat şurası ilə daha əvvəl razılaşdırdığı plan artıq 50 min iş yerinin ixtisarını nəzərdə tutur.
Bild-in yazdığına görə, ümumilikdə ixtisarların sayı 120 min nəfərə çata bilər.
Bundan əvvəl Der Spiegel jurnalı şirkətdə Almaniyada yerləşən və təxminən 40 min nəfərin çalışdığı dörd zavodda istehsalın dayandırılması imkanının müzakirə olunduğunu yazmışdı.
İyunun sonunda isə Manager Magazin Volkswagen-in yaxın illərdə dünya üzrə 100 minədək iş yerini ixtisar etməyi planlaşdırdığını bildirmişdi.
Volkswagen-in yeni planları Almaniya avtomobil sənayesində vəziyyətin nə qədər ağır olduğunu göstərir. Sektor hazırda ciddi böhran yaşayır və daha əvvəl bir sıra avtomobil şirkətləri, eləcə də ehtiyat hissələri istehsalçıları ixtisarlar barədə məlumat vermişdi.

