Alman avtomobil istehsalçısı Volkswagen AG 2025-ci ildə eyniadlı brend altında avtomobil satışlarının 1,4% azalaraq 4,73 milyon ədədə düşdüyünü açıqlayıb.
Şirkətin məlumatına görə, Avropada Volkswagen avtomobillərinin satışı il ərzində 5,1% artıb, Cənubi Amerikada isə artım 18,5% təşkil edib. Bununla yanaşı, Çində satışlar 8,4%, Şimali Amerikada isə 8,2% azalıb.
Ötən il elektromobillərin satışı demək olar ki, dəyişməyərək 382 min ədəd səviyyəsində qalıb. Lakin Avropada elektromobil satışı 1,5 dəfə artıb. Elektromobillərin qlobal satışlardakı payı 8,1% təşkil edib.
Volkswagen Avropada ümumilikdə, eləcə də Almaniyada avtomobil bazarının lideridir. Almaniya bazarında brendin payı 19,6% olub ki, bu da əvvəlki illə müqayisədə 0,5 faiz bəndi çoxdur.
Son 12 ay ərzində Volkswagen-in bazar kapitallaşması 11,7% artaraq 51,59 milyard avroya çatıb.

