Xəbər verdiyimiz kimi, Abşeronda iki xalaqızı kirayə yaşadıqları evdə qətlə yetirilib.
DenMedia.az xəbər verir ki, hadisə Masazır qəsəbəsində fərdi yaşayış evində qeydə alınıb.
Belə ki, 39 və 30 yaşlı iki qadına kəsici-deşici alətlə xəsarət yetirilməsi və onların hadisə yerində ölməsi barədə polisə məlumat daxil olub.Əraziyə cəlb olunan hüquq mühafizə orqanlarının araşdırmalarına görə, öldürülən şəxslərin 39 yaşlı Pərişan Əlövsət qızı Süleymanova və 30 yaşlı Nuranə Rüstəm qızı İsgəndərli olduqları müəyyənləşdirilib. Qonşuların verdiyi məlumata görə, onlar xalaqızı olub və həmin hadisə törədilən mənzildə kirayədə yaşayırmış. Qadınlardan biri gecə növbəsində kafelərin birində xadimə kimi çalışırmı. Qətlin isə qısqanclıq və ailə münaqişə zəmnində törədildiyi iddia olunur.
Qətlin bəzi təfərrüatları da məlum olub. Belə ki, hadisə zamanı qətli törədən şəxs Nuranə İsgəndərlinin boğazını kəsib.
Daha sonra isə o, hadisəni görən Pərişan Süleymanovaya da 15 bıçaq zərbəsi vurub.
Cinayəti törətməkdə şübhəli bilinən şəxs xanımlardan birinin sevgilisi olub.
Belə ki, 1996-cı il təvəllüdlü Nuranə Rüstəm qızı İsgəndərli bir müddət əvvəl qətlə yetirildiyi evə köçübmüş. O, bir nəfər kişi ilə qeyri-rəsmi ər-arvad kimi həmin evdə yaşayırmış. Dünən axşam saatlarında onlar arasında dava olub.
Bu gün səhər saatlarında qadınla sevgilisi arasında yenidən dava düşüb və qadın Xırdalan şəhərində yaşayan xalası qızı, 1987-ci il təvəllüdlü Pərişan Əlövsət qızı Süleymanovaya zəng vurub. Qadın qohumundan kömək istəyib.
Pərişan Süleymanova onların yaşadığı ünvana gələndə kişinin Nuranəni qətlə yetirdiyini görüb.
Həmin şəxs Nuranəyə köməyə gələn Pərişanı da qətlə yetirib və hadisə yerindən qaçıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, aprelin 11-də Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində Pərişan Süleymanova və Nuranə İsgəndərlinin qəsdən öldürülməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Hazırda Polis əməkdaşları tərəfindən qətli törətməkdə şübhəli bilinən şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Nizami Rəsulov

