Abşeronda dayı öz bacısı qızını qətlə yetirib.
“Den.az” hadisə ilə bağlı bəzi faktları əldə edib.
Belə ki, günorta saatlarında Abşeron rayonu ərazisində 38 yaşlı Türkan Abdurəhimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Dərhal hadisə yerində hüquq mühafizə orqanları cəlb olunub. Araşdırma zamanı 58 yaşlı Şakir Rzayevin rayonun Masazır kəndi ərazisində bıçaqla xəsarətlər yetirərək qohumu Türkan Abdurəhimovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Şakir Rzayev iş üzrə şübhəli şəxs qismində tutularaq məsuliyyətə cəlb olunub. Qonşuların verdiyi məlumata görə, iki azyaşlı qız anası olan Türkan həmin binaya yeni köçüb kirayədə yaşayırmış. Ailəsindən boşanan qadın elə Masazır kənd bələdiyyəsində ümumi şöbədə işçi kimi çalışırmış. Hadisəyə gəlincə dayı bacısı qızının yaşadığı binaya gələrək onu birinci mərtəbədə gözləyib. Türkan Abdurəhimova işdən evə qayıdarkən elə həmin ünvanda əvvəlcə dayısı ilə mübahisə edib. İddiaya görə Şakir Rzayev öz bacısı qızını əvvəlcə vəhşicəsinə döyüb, daha sonra cibində gəzdirdiyi bıçağı çıxararaq boğaz nahiyəsinə bir neçə zərbə vurub. Qadın aldığı xəsarətlərdən elə hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İbtidai istintaq davam etdirilir.
Den.az