Xəbər verdiyimiz kimi, Abşeron rayonunun Fatmayı kəndində dəhşətli qətl hadisəsi baş verib.
Den.az-ın məlumatına görə, keçmiş polis əməkdaşı, Mehdiabad qəsəbə sakini 1973-cü il təvəllüdlü Həşimov İftixar Nizami oğlu kənd sakinlərindən biri tərəfindən amansızlıqla qətlə yetirilib.
Qətlin söyüş üstündə törədildiyi iddia olunur. Mübahisə zamanı Fatmayı kənd sakini Kənan Məmmədov İftixar Həşimova 6 bıçaq zərbəsi vurub. Aldığı ağır xəsarətlərdən o, hadisə yerindəcə həyatını itirib.
Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Cinayəti törədən şəxs saxlanılıb və istintaq araşdırmaları davam etdirilir. Hadisənin motivləri və arxasında dayanan səbəblərlə bağlı araşdırma aparılır. Əldə olunan ilkin məlumatlara əsasən, tərəflər arasında köhnə ədavətin olduğu da istisna edilmir.
Qətlə yetirilən İftixar Həşimov özəl sahədə, ticarətlə məşğul olurmuş.
Məlumat üçün bildirək ki, İftixar Həşimovun böyük oğlu Fərid Həşimov da ötən il avtomobil qəzasında ölüb.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.