Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Kürsəngi kəndi ərazisindən keçən hissəsində Azərbaycan DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Əjdər Şıxməmmədovun idarə etdiyi Hyundai markalı avtomobili saxlayıblar.
Yoxlama zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarında sürücünün narkotik vasitələrin təsiri altında olması ilə bağlı əsaslı şübhələr yaranıb.
BDYPİ-nin mətbuat xidmətindən verilən məlumata görə, sürücü tibbi müayinəyə göndərilib və nəticələr onun sərxoşluq vəziyyətində olduğunu təsdiqləyib.
Bundan başqa, avtomobildə olan sərnişinlərdən birinin üzərində narkotik vasitələr aşkar edilib.
Hər iki şəxs barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
BDYPİ vətəndaşları narkotik vasitələrin təsiri altında sükan arxasına keçməməyə çağırıb. Qurum bu cür halların yol hərəkəti təhlükəsizliyinə ciddi təhdid yaratdığını vurğulayıb və belə pozuntulara qarşı tədbirlərin daha da sərtləşdiriləcəyini bildirib.

