Milyarder və “Amazon”un qurucusu Ceff Bezosun həyat yoldaşı, jurnalist Loren Sançes ictimaiyyət qarşısına təxminən 50 min dollar dəyərində çanta ilə çıxıb. Fotolar Page Six saytında dərc olunub.
Paparatssilər Loren Sançes və Ceff Bezosa ABŞ-ın Aspen şəhərində görüntüləyiblər. Jurnalist Christian Dior brendinə məxsus, dizayner Con Qalyanonun 2000-ci ilin payız kolleksiyası üçün yaratdığı bordo palto geyinib. O, obrazını qara şalvar, botilyonlar və şlyapa ilə tamamlayıb. Sançesin əlində isə Hermès Kelly model, krokodil dərisindən hazırlanmış və jurnalistlərin məlumatına görə təxminən 50 min dollar dəyərində olan çanta olub.
Qeyd edək ki, 19 dekabrda Loren Sançes 56 yaşını qeyd edib. Doğum günü münasibətilə təşkil olunan ziyafətə Kardaşyan ailəsinin üzvləri də dəvət olunub. Tədbir üçün o, qara top və mini yubkadan ibarət dəst seçib, obrazını leopard naxışlı xəz palto, kolqotka və hündürdaban ayaqqabılarla tamamlayıb.
Xatırladaq ki, Ceff Bezos və Loren Sançesin toy mərasimi Venesiyada keçirilib, bayram tədbirləri 26–28 iyun tarixlərini əhatə edib. Page Six tabloidinin iddiasına görə isə cütlük İtaliyaya yollanmadan əvvəl ABŞ-da rəsmi nikaha daxil olub.

