Alimlər Vezuvi vulkanının püskürməsi zamanı təxminən 2000 il əvvəl kömürləşmiş qədim tumarın salamat qalan hissəsini virtual şəkildə açaraq oxuya biliblər. Bu işdə onlara süni intellekt kömək edib. Bu barədə The Guardian yazıb.
Tədqiqatçılar yanmış papirusun bir metrdən artıq hissəsində əvvəllər məlum olmayan mətnin 20 sütununu bərpa etməyə nail olublar. Mətn stoik fəlsəfəyə — etika, incəsənət və insan davranışına həsr olunub və eramızdan əvvəl II əsrə və ya III əsrin sonlarına aid edilir.
Tumar PHerc 1667 adı ilə qeydiyyata alınıb. O, Vezuvi vulkanının 79-cu ildəki püskürməsi nəticəsində Pompey kimi məhv olan Herkulanum şəhərindəki zəngin Roma villasının kitabxanasında tapılmış bir neçə yüz sənəd arasında ən qədimlərdən biri hesab olunur.
Əsrlər ərzində sənəd ciddi zədələnib. Bir mərhələdə o, iki yerə parçalanıb, daha əvvəl onu açmaq cəhdləri isə xarici qatların ovulmasına səbəb olub. Bu gün tumardan ilkin həcmin yalnız yarısı qalıb — 8 sm hündürlüyündə və 2 sm enində fraqment.
Neapol Universitetinin papiroloqu Federika Nikolardi bildirib ki, tumar tam şəkildə qorunmasa da, onun salamat qalan hissəsi tamamilə açılıb və bu, mühüm nəticədir. Onun sözlərinə görə, “biz bu cür obyektləri tam şəkildə aça bilirik”.
Bu nailiyyət Neapolda keçirilən konfransda Vesuvius Challenge layihəsi çərçivəsində elan olunub. Layihə 2023-cü ildə Herkulanumdan tapılan yanmış tumarların süni intellekt vasitəsilə oxunması üçün beynəlxalq müsabiqə kimi başladılıb.
Silikon Vadisi investorlarının dəstəklədiyi layihə iştirakçılara yüksək keyfiyyətli görüntülər əsasında mətnin virtual şəkildə açılması və oxunması texnologiyalarına görə artıq yüz minlərlə dollar mükafat ödəyib.
Müsabiqə Kentukki Universitetinin professoru Brent Silsin araşdırmalarına əsaslanır. O göstərib ki, maşın öyrənməsi alqoritmləri rentgen görüntülərində papirus liflərinin strukturundakı çox zəif fərqlər əsasında gizli qatlarda mürəkkəbi tanıya bilir.
Herkulanum kitabxanasının böyük hissəsi epikürçü filosof Qadaralı Filodemlə əlaqələndirilir. Lakin PHerc 1667-nin müəllifi və adı hələlik məlum deyil. Tumarın yaşı və məzmunu onun başqa bir müəllifə aid ola biləcəyini göstərir.
Nikolardi və həmkarlarının ehtimalına görə, mətn stoik traktatdır və yunan filosofu, stoik məktəbin üçüncü rəhbəri Xrisippin qələminə məxsus ola bilər. Kolleksiyada onun digər əsərləri də var. Mətndə Xrisippin qardaşı oğlu və şagirdi Aristokreonun adı çəkilir.
Müsabiqənin digər tapıntıları arasında başqa bir tumarda aşkarlanan “Filodem, ‘Tanrılar haqqında’, 8-ci kitab” qeydləri də var. Bu yazılar ilk dəfə göstərib ki, “Tanrılar haqqında” traktatı bir neçə kitabdan ibarət olub. Halbuki əvvəllər yalnız birinci kitab məlum idi.
Silsin sözlərinə görə, müsabiqə artıq tumarların oxunması texnologiyalarının hazırlanması mərhələsindən onların məzmununun elmi baxımdan izahı mərhələsinə keçir.

