WhatsApp istifadəçilərə telefon nömrəsini gizlətməyə imkan verəcək yeni funksiyanı rəsmən anons edib.
Şirkətin bloqunda yer alan məlumata görə, messencerdə istifadəçi adı — username sistemi tətbiq olunacaq. Bu yenilik sayəsində istifadəçilər Telegram-da olduğu kimi nömrə əvəzinə niklərlə əlaqə saxlaya biləcəklər.
Funksiya hələ tam istifadəyə verilməsə də, istifadəçilər artıq nik adlarını əvvəlcədən rezerv edə bilərlər. Bunun üçün tətbiqin son versiyasında “Ayarlar” — “Hesab” — “İstifadəçi adı” bölməsinə daxil olmaq lazımdır. Burada istifadəçi öz nikini yarada və ya avtomatik təklif olunan variantdan istifadə edə bilər.
Yeni funksiya aktivləşdikdən sonra başqa şəxslər istifadəçi ilə onun telefon nömrəsini görmədən, yalnız username vasitəsilə əlaqə saxlaya biləcəklər. Bununla WhatsApp şəxsi məlumatların qorunmasını və məxfiliyi artırmağı hədəfləyir.
Messencer həmçinin əlaqə üçün xüsusi “açar” sistemini də təqdim edəcək. İlk mərhələdə bu, dörd rəqəmli kod olacaq. İstifadəçi ona kimlərin mesaj yaza biləcəyini məhdudlaşdırmaq istəsə, həmin kodu username ilə birlikdə qarşı tərəfə verməli olacaq.
Yeniliyin yaxın aylarda müxtəlif ölkələrdə mərhələli şəkildə istifadəyə verilməsi planlaşdırılır. İstifadəçilər funksiya aktiv olduqda bu barədə bildirişi birbaşa tətbiqdə alacaqlar.

