Böyük Britaniyada apteklər arıqlamaq üçün nəzərdə tutulan Wegovy preparatının tablet formasının satışa çıxarılması ilə əlaqədar müraciət edənlərin sayının artacağını gözləyir.
Bu barədə The Independent qəzeti məlumat yayıb.
Novo Nordisk şirkətinin preparatı piylənmənin müalicəsi üçün Britaniyanın Dərman və Tibbi Məhsulların Tənzimlənməsi Agentliyi tərəfindən təsdiqlənən ilk GLP-1 sinfinə aid tablet olub.
Müalicə kursu 1,5 mq dozadan başlayır. Daha sonra doza mərhələli şəkildə 4 mq, 9 mq və 25 mq-a qədər artırılır. Xəstə növbəti mərhələyə keçməzdən əvvəl hər dozada ən azı bir ay qalmalıdır.

Bazar ertəsindən etibarən 1,5 mq və 4 mq başlanğıc dozaları müəyyən kriteriyalara cavab verən pasiyentlər üçün ayrı-ayrı apteklərdə çəki nəzarəti proqramları vasitəsilə əlçatan olacaq.
Milli Əczaçılıq Assosiasiyasının 310 aptek arasında keçirdiyi sorğuya əsasən, apteklərin 76 faizi yaxın aylarda yeni pasiyent axınının ciddi şəkildə artacağını gözləyir.
Bundan başqa, apteklərin 49 faizi preparatın iyunda Britaniya tənzimləyicisi tərəfindən təsdiqlənməsindən sonra müraciətlərin nəzərəçarpacaq dərəcədə artdığını bildirib.

