Avstraliyalı alimlər K vitamininin sümük möhkəmliyi və sümük toxumasının daxili quruluşu ilə davamlı əlaqəsi olan yeganə vitamin və mikroelement olduğunu müəyyən ediblər. Araşdırmanın nəticələri “Nutrients” jurnalında dərc olunub.
Tədqiqatçılar bud-çanaq oynağından əməliyyat olunan 108 pasiyentin məlumatlarını araşdırıb və bud sümüyünün boyun nahiyəsində sınığı olan və olmayan şəxsləri müqayisə ediblər.
Alimlər K, D, C və E vitaminləri, B qrupu vitaminləri, sink və digər qida göstəricilərinin səviyyəsini qiymətləndirib, eyni zamanda sümük toxumasının möhkəmliyini və mikroskopik quruluşunu ətraflı araşdırıblar.
Nəticədə məlum olub ki, yalnız K vitamini ilə əlaqəli göstəricilər sümük vəziyyəti ilə ardıcıl şəkildə əlaqələnib. K vitamininin təsiri ilə aktivləşən osteokalsinin – sümük toxumasında mühüm rol oynayan zülalın – aktiv forması bud sümüyünün daha yüksək möhkəmliyi, daha qalın kortikal təbəqə və daha sıx daxili quruluşla əlaqələndirilib.

Əksinə, osteokalsinin qeyri-aktiv formalarına sümük kövrəkliyinin artması müşahidə olunan şəxslərdə daha çox rast gəlinib.
Tədqiqat müəllifləri qeyd edirlər ki, K vitamini sümük toxumasının düzgün minerallaşması üçün vacibdir. Bu vitamin osteokalsinin kalsiumu bağlamasına və onun sümük toxumasına daxil edilməsinə kömək edir.
Bununla belə, alimlər vurğulayırlar ki, araşdırma K vitamini qəbulunun öz-özlüyündə sınıq riskini azaltdığını sübut etmir.

