Ətrin dəriyə vurulması xərçəngə tutulma ehtimalını artırmır.
NEWS.ru-ya açıqlamasında Moskva vilayətinin Krasnoqorsk Klinik Xəstəxanasının onkoloqu Basir Bammatov bildirib ki, bununla belə, ətir bəzi insanlarda allergiya və ya dəri qıcıqlanmasına səbəb ola bilər.
Həkimin sözlərinə görə, “ətiri boyuna vurmaq xərçəng yaradır” iddiası elmi şəkildə sübut edilməyib.
O qeyd edib ki, kosmetik məhsullarda ola biləcək bəzi maddələr endokrin, allergik və toksikoloji təsirlər baxımından həqiqətən araşdırılır. Lakin hansısa komponentin laboratoriya şəraitində bioloji aktivlik göstərməsi və ya onun metabolitlərinin orqanizmdə aşkarlanması, hazır parfüm məhsulunun adi istifadəsinin şiş yaranmasına səbəb olduğunu sübut etmir.

Bammatov vurğulayıb ki, dəri qan dövranına birbaşa keçid yolu deyil. Maddələrin dəri vasitəsilə sorulma dərəcəsi konkret birləşmənin xüsusiyyətindən, konsentrasiyasından, məhsulun tərkibindən və dəri baryerinin vəziyyətindən asılıdır.
Onkoloq əlavə edib ki, qalxanabənzər vəzin yerləşməsi ətirin tərkibindəki maddələrin birbaşa bu orqana keçməsi üçün xüsusi şərait yaratmır.
Həkim bildirib ki, qanuni şəkildə satışa çıxarılan parfümeriya məhsulları təhlükəsizlik tələblərinə cavab verməlidir. Bununla belə, fərdi allergiya və dəri qıcıqlanması riski qalır, xüsusilə də məhsul zədələnmiş və ya qıcıqlanmış dəriyə çəkildikdə.
Mütəxəssis qanuni məhsullar almağı, istifadə qaydalarına əməl etməyi, ətri qıcıqlanmış dəriyə vurmamağı, həmçinin onun gözə və selikli qişalara düşməsinə yol verməməyi tövsiyə edib.
Əgər istifadə zamanı qaşınma, yanma, qızartı və ya digər narahatedici əlamətlər yaranarsa, ətirdən istifadə dərhal dayandırılmalıdır.

