Uzun müddət günəş altında qalmaq açıq dərili, qırmızı saçlı və mavi gözlü insanlar üçün təhlükəli ola bilər. Çünki bu insanlar günəşdə daha tez yanırlar.
Bu barədə NEWS.ru-ya dermatoveneroloq və kosmetoloq Elina Axmatova bildirib.
Həkimin sözlərinə görə, daha tünd dəriyə sahib insanlar ultrabənövşəyi şüalara nisbətən daha dözümlü olurlar. Lakin bu, onların tam qorunduğu anlamına gəlmir. Həddindən artıq qaralma tünd dərili insanlarda da dəri problemləri və müxtəlif xəstəliklər riskini artıra bilər.
Axmatova bildirib ki, günəş altında təhlükəsiz qalma müddəti əsasən dərinin fototipindən asılıdır. Açıq dərili, qırmızı və ya sarı saçlı, mavi gözlü insanlar digərlərinə nisbətən daha tez günəş yanığı alırlar. Buna görə onların birbaşa günəş altında cəmi bir neçə dəqiqə qalması belə kifayət edə bilər.
Mütəxəssis qeyd edib ki, günəş aktivliyinin ən yüksək olduğu vaxt 10:00-dan 16:00-dək olan dövrdür. Bu saatlarda dəri daha tez qızır, nəm itirir və zədələnməyə daha həssas olur.
Həkimin sözlərinə görə, hava rahat görünsə belə, birbaşa günəş şüaları altında uzun müddət qalmaq məsləhət deyil. Xüsusilə uzun fasilədən sonra, dəri hələ günəş təsirinə uyğunlaşmamışkən daha ehtiyatlı olmaq lazımdır.
Mütəxəssislər qısa müddətdə intensiv qaralmağa çalışmağı tövsiyə etmirlər. Çünki ultrabənövşəyi şüalara uzun müddət məruz qalmaq dəri üçün ciddi yük yaradır.
Axmatova əlavə edib ki, günəş altında qalma müddətini tədricən artırmaq və orqanizmin reaksiyasını diqqətlə izləmək daha təhlükəsizdir. Günəşdən qoruyucu tərkibi olmayan yağlı vasitələrdən istifadə etmək də məsləhət görülmür. Çünki belə vasitələr dərinin daha çox qızmasına səbəb ola və yanıq riskini artıra bilər.

