30 yaşdan sonra dəridə yaranan piqment ləkələri bəzən təkcə kosmetik qüsur deyil, orqanizmdəki müəyyən pozğunluqların əlaməti ola bilər.
Dermatoloq-kosmetoloq Natalya Ryaxovskaya NEWS.ru-ya açıqlamasında bildirib ki, piqmentasiyanın ən geniş yayılmış səbəbləri günəş şüaları, sızanaqlardan sonra qalan izlər və düzgün seçilməmiş dəri qulluğudur.
Lakin mütəxəssisin sözlərinə görə, ağız ətrafında, yanaqlarda və alında simmetrik şəkildə yaranan ləkələr bəzi hallarda hormonal pozğunluqlar, qalxanabənzər vəz, qaraciyər xəstəlikləri və digər endokrin problemlərlə müşayiət oluna bilər.
Həkim vurğulayıb ki, piqment ləkələrinin yaranması özlüyündə qaraciyər və ya hormonal xəstəlik diaqnozu demək deyil. İlk növbədə dermatoloq-kosmetoloqa müraciət edilməli, dəri müayinə olunmalı və təhlükəli törəmələr istisna edilməlidir.
Müayinənin ilkin mərhələsinə dermatoloji qiymətləndirmə, dermatoskopiya, xəstəlik tarixçəsinin və mümkün səbəblərin araşdırılması daxildir. Zərurət yaranarsa, həkim əlavə analizlər və endokrinoloq da daxil olmaqla digər mütəxəssislərin konsultasiyasını təyin edə bilər.
Ryaxovskaya qeyd edib ki, piqmentasiyanın müalicəsi yalnız prosedur və kremlərlə məhdudlaşmır. Düzgün qulluq, günəşdən qorunma və tövsiyələrə davamlı əməl etmək də nəticə üçün vacibdir.

