Estetik tibb klinikalarında və bəzi spa mərkəzlərində tez-tez orqanizmi “təmizlədiyi”, dəriyə parlaqlıq verdiyi və enerji bəxş etdiyi iddia olunan “möcüzə kokteylləri” təklif olunur. Son dövrlər “gənclik damcıları”, “gözəllik damcıları” və ya IV-terapiya adlanan prosedurlar getdikcə daha populyarlaşır.
“Gənclik damcıları” nədir?
“Gənclik damcısı” — müxtəlif preparatların, vitaminlərin və mineralların damar daxilinə damcı yolu ilə yeridilməsidir, — deyə aif.ru-ya açıqlamasında terapevt, tibb üzrə fəlsəfə doktoru İvan Romasov bildirib. Onun sözlərinə görə, bu damcıların tərkibi çox vaxt klinikaların “müəllif qarışığı” olur və ora vitaminlər (C, B qrupu, D), antioksidantlar (alfa-lipoik turşu, qlutation, koenzim Q10), amin turşuları (L-karnitin, metionin), minerallar (maqnezium, kalsium, sink), eləcə də effektivliyi sübut olunmamış bəzi preparatlar daxil edilə bilər.
Qeyd olunur ki, bu metod ilk dəfə 1970-ci illərdə ABŞ-da tətbiq olunub. Bu gün tərəfdarları iddia edir ki, maddələrin birbaşa qana verilməsi onların daha tez və maksimum mənimsənilməsinə səbəb olur.
Bu damcıların faydası varmı?
Tərəfdarları bu prosedurlara “detoks”, yorğunluğun aradan qaldırılması, dəri və saçın yaxşılaşması, bərpa və xəstəliklərin profilaktikası kimi təsirlər aid edir. Lakin bu iddiaların əksəriyyətinin elmi sübutu yoxdur.
Həkimlər bildirir ki, damcılar yalnız konkret tibbi göstəriş olduqda effektivdir. Məsələn, ciddi vitamin və ya dəmir çatışmazlığı zamanı, ağır zəhərlənmələrdə və ya susuzlaşmada. Sağlam insan üçün profilaktik məqsədlə bu üsulun faydası sübut edilməyib.

Orqanizmin “təmizlənməyə” ehtiyacı yoxdur — bu funksiyanı qaraciyər və böyrəklər yerinə yetirir.
Risklər nədir?
“Gənclik damcısı” zərərsiz prosedur deyil və ciddi risklər daşıyır.

Allergik reaksiyalar və anafilaktik şok baş verə bilər.
Ürək-damar sisteminə yüklənmə yarana bilər — xüsusilə böyük həcmdə maye sürətlə yeridildikdə.
Vitamin və mineralların artıq dozası daxili orqanlara zərər verə bilər.
Sterillik qaydalarına əməl olunmadıqda infeksiya riski artır.
Dermatoloq Marina Savkinanın sözlərinə görə, bu damcıların tərkibi bəzən tam açıqlanmır və yerində “fərdi şəkildə” seçilir.
“Vitamin və mineralları tez bərpa etmək faydalı ola bilər. Amma bu cür damcılardan davamlı istifadə etmək olmaz — dozalar yüksəkdir və maddələr birbaşa qana daxil olur. Bu isə böyrəklərə yük yarada bilər”, — deyə Marina Savkina bildirib.
O əlavə edib ki, bu damcılara tez-tez əlavə edilən qlutation bəzi hallarda piqmentasiya pozuntularına və hətta dəri xərçəngi riskinin artmasına səbəb ola bilər.
Mütəxəssislər vurğulayır ki, belə prosedurlardan əvvəl tərkibi dəqiqləşdirmək və mütləq həkimlə məsləhətləşmək vacibdir.

