Yay aylarında tüstü, dəri və kəskin ədviyyat qoxulu ətirlər ətrafdakı insanlar üçün ağır və narahatedici qəbul oluna bilər.
Bu barədə NEWS.ruya Dövlət Maarifçilik Universitetinin ümumi biologiya və bioekologiya kafedrasının dosenti Roman Oparin danışıb.
Onun sözlərinə görə, ətirlərin qəbulunda mövsüm amili mühüm rol oynayır. Soyuq havada uyğun görünən ağır notlar yayda çox vaxt həddindən artıq kəskin təsir bağışlayır.

Oparin bildirib ki, tüstü, işlənmiş dəri və Şərq ədviyyatları kimi qeyri-adi qoxuları sevənlər balansı qorumağa çalışmalıdırlar. Belə kəskin notları vanil, iris və səndəl ağacı kimi daha yumşaq qoxularla tarazlaşdırmaq mümkündür.
Ekspert həmçinin ətiri yalnız qabda deyil, mütləq dəridə yoxlamağı tövsiyə edib. Onun sözlərinə görə, ətir qabda və bədəndə fərqli qoxuya malik ola bilər.

Oparin məsləhət görür ki, yeni ətir seçərkən sınaq nümunələrindən istifadə etmək və qoxunun dəridə bir neçə saatdan sonra necə dəyişdiyini gözləmək lazımdır.
“Yayda tüstü və dəri qoxuları çox ağır ola bilər, qışda isə əksinə, daha uyğun qəbul edilir. Şübhəniz varsa, yaxınlarınızdan ətiri bir neçə saat sonra qiymətləndirmələrini xahiş edin. Beləliklə, onun kənardan necə hiss olunduğunu anlaya bilərsiniz”, — deyə ekspert bildirib.

