Mədə-bağırsaq sistemi xəstəlikləri olan şəxslərə, o cümlədən mədə və onikibarmaq bağırsağın eroziyalı-xoralı xəstəliyindən, eləcə də xroniki pankreatitin kəskinləşməsindən əziyyət çəkənlərə yemiş yemək tövsiyə edilmir. Bu barədə dietoloq Darya Rusakova “Moskva 24” telekanalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, qıcıqlanmış bağırsaq sindromu zamanı da yemişdən imtina etmək daha məqsədəuyğundur.
Yemişin tərkibində xeyli miqdarda kalium var. Böyrəklərin fəaliyyəti pozulduqda bu məhsul elektrolit balansının pozulmasına səbəb ola bilər.

Bundan başqa, aşağı arterial təzyiqi olan şəxslər də ehtiyatlı olmalıdır. Yemiş yüngül sidikqovucu təsir göstərdiyindən hipotoniya zamanı təzyiqi daha da aşağı sala bilər.
Diyetoloq əlavə edib ki, sadə karbohidratların miqdarı yüksək olduğuna görə ikinci tip şəkərli diabeti olan şəxslər yemişi ehtiyatla qəbul etməlidirlər.
Bu məhsul bəzi insanlarda allergik reaksiyaya da səbəb ola bilər. Belə allergiya çox vaxt çarpaz xarakter daşıyır və ağcaqayın tozcuğuna və ya digər balqabaqkimilər fəsiləsinə aid məhsullara həssaslıqla əlaqəli olur.

