Orqanizmində iltihabi proseslər olan şəxslərə qaynadılmış qarğıdalı yemək tövsiyə olunmur.
Bu barədə dietoloq Anton Polyakov aif.ru saytına açıqlamasında bildirib.
Mütəxəssis qeyd edib ki, qaynadılmış qarğıdalı ümumilikdə faydalı məhsul sayılsa da, bəzi insanlarda qarğıdalıya qarşı dözümsüzlük və ya allergik reaksiya yarana bilər.
Polyakovun sözlərinə görə, əgər insanda sistemli iltihab varsa, qarğıdalının tərkibindəki bəzi maddələr bu prosesi dəstəkləyə bilər. Bu səbəbdən iltihab zamanı qarğıdalı orqanizmə fayda verməyə bilər.

Dietoloq həmçinin qaynadılmış qarğıdalı yeyərkən duzdan imtina etməyi məsləhət görüb. O, xüsusilə böyrək problemi olan şəxslərin bu məsələdə diqqətli olmalı olduğunu vurğulayıb.
Bununla yanaşı, mütəxəssis bildirib ki, qaynadılmış qarğıdalının rasiona müntəzəm daxil edilməsi həzm sistemini yaxşılaşdıra və ürək-damar sistemini dəstəkləyə bilər. Bu, məhsulun tərkibində lif və kaliumun çox olması ilə əlaqələndirilir.

Qarğıdalının tərkibində olan lütein və zeaksantin göz torlu qişasını qorumağa kömək edir, mürəkkəb karbohidratlar isə uzun müddət enerji və toxluq hissi yaradır.

