Piylənmənin müalicəsində istifadə edilən dərmanlar yağ toxumasını birbaşa “yandırmır” və əsasən qəbul edildiyi müddətdə təsir göstərir.
TASS-ın məlumatına görə, bunu endokrinoloq Kristina Çepıqova bildirib.
Mütəxəssisin sözlərinə görə, bu preparatlar iştahı idarə etməyə kömək edir, aclıq hissini azaldır, toxluq müddətini uzadır və yeməyə olan istəyi zəiflədir. Eyni zamanda onların infarkt, insult, ürək çatışmazlığı və 2-ci tip şəkərli diabet riskinin azalmasına kömək etdiyi bildirilir.
Lakin endokrinoloq vurğulayıb ki, bu preparatlar yağ toxumasını birbaşa yandırmır və onların təsiri istifadə müddəti ilə məhdudlaşır.
“Bu preparatlar yağ yandırmır. Onlar istifadə edildiyi müddətdə işləyir”, – deyə Çepıqova bildirib.
Həkimin sözlərinə görə, preparatların qəbulu dayandırıldıqdan sonra iştah yenidən arta bilər. Bu isə insanın müalicə dövründə formalaşdırdığı yeni həyat tərzini və qidalanma rejimini qorumasını çətinləşdirə bilər.
Çepıqova qeyd edib ki, dərmanlar çəki artımının arxasında dayanan genetik amilləri, stressi, yuxu pozuntularını və digər səbəbləri aradan qaldırmır. Eyni zamanda onlar avtomatik olaraq düzgün qidalanma vərdişləri formalaşdırmır və əzələ kütləsinin qorunmasına zəmanət vermir.

Endokrinoloq piylənmənin xroniki xəstəlik olduğunu xatırladaraq bəzi pasiyentlərin uzunmüddətli, hətta bir neçə il davam edən müalicəyə ehtiyac duya biləcəyini vurğulayıb.
Müalicədən sonra çəkinin geri qayıtması riskini tamamilə aradan qaldırmaq mümkün deyil. Bununla belə, balanslı qidalanma, fiziki aktivlik, yuxu rejiminin normallaşdırılması və psixoloji dəstək bu ehtimalı azaltmağa kömək edə bilər.
Mütəxəssis həmçinin çəkinin yenidən artmağa başladığı ilk mərhələdə tədbir görməyi, əvvəlki çəkiyə tam qayıtmağı gözləməməyi tövsiyə edib.
Denmedia.az

