İntervallı aclıq qida qəbulu dövrlərinin yeməksiz fasilələrlə növbələşdiyi qidalanma rejimidir. Lakin bu üsul hər kəs üçün uyğun deyil və bəzi hallarda uzun müddət yeməksiz qalmaq insanın vəziyyətini pisləşdirə və xroniki xəstəliklərə nəzarəti çətinləşdirə bilər.
“SM-Klinika”nın qastroenteroloqu Ruşan İsayev “Gazeta.Ru”ya bildirib ki, ilk növbədə uşaq və yeniyetmələrə intervallı aclıq tövsiyə edilmir. Çünki bu yaşlarda orqanizm böyüməyə davam edir və müntəzəm enerji və qida maddələrinə ehtiyac duyur.
Həkim hamilə və süd verən qadınları da ayrıca risk qrupuna daxil edib. Bu dövrdə orqanizmin enerjiyə, zülala, vitamin və minerallara ehtiyacı artır, buna görə uzunmüddətli qida məhdudiyyətləri arzuolunmaz ola bilər.
İsayev bildirib ki, qida davranışı pozuntusu olan və ya keçmişdə belə problemlər yaşamış şəxslər də intervallı aclıqdan çəkinməlidirlər.
“Qida qəbulunun vaxtını sərt şəkildə məhdudlaşdırmaq yeməklə bağlı narahatlığı artıra, həddindən artıq yeməyə səbəb ola və qeyri-sağlam qidalanma vərdişlərini davam etdirə bilər”, – qastroenteroloq vurğulayıb.
Həkimin sözlərinə görə, şəkərli diabet zamanı, xüsusilə insulin və ya qanda qlükozanın səviyyəsini aşağı salan preparatlardan istifadə edən şəxslər diqqətli olmalıdırlar. Uzun müddət yeməksiz qalmaq hipoqlikemiya riskini artıra bilər. Belə hallarda qidalanma rejimi yalnız həkimlə məsləhətləşdikdən sonra dəyişdirilməlidir.
İntervallı aclıq bəzi mədə-bağırsaq xəstəlikləri zamanı da təhlükəli ola bilər. Əgər uzun müddət yeməmək ağrı, qıcqırma, ürəkbulanma və ya digər simptomlara səbəb olursa, bu rejim uyğun olmaya bilər.
Həmçinin bədən çəkisi normadan aşağı olan, qidalanma çatışmazlığı və ya anemiyası olan şəxslərə özbaşına aclıq rejimi tətbiq etmək tövsiyə edilmir. Əlavə məhdudiyyətlər mövcud problemi daha da ağırlaşdıra bilər.
Mütəxəssis dərman qəbulunu da nəzərə almağın vacibliyini bildirib:
“Bəzi preparatlar yeməklə birlikdə və ya müəyyən vaxt intervalları ilə qəbul edilməlidir. Buna görə seçilən qidalanma rejimi müalicə ilə uyğun gəlməyə bilər.”

Hətta nisbətən sağlam insanlarda belə intervallı aclıq zəiflik, başgicəllənmə, əsəbilik, baş ağrısı, diqqətin azalması və güclü aclıq hissi yarada bilər. Bu əlamətlər mütəmadi təkrarlanırsa, qidalanma rejiminə yenidən baxmaq lazımdır.
Həkim sonda vurğulayıb ki, arıqlamaq üçün intervallı aclıq mütləq şərt deyil.
“Əgər insan müntəzəm qidalanmaqla özünü rahat hiss edir, balanslı rasion saxlayır və kalori miqdarına nəzarət edirsə, uzun müddətli aclıq intervallarına keçməyə ehtiyac yoxdur”, – İsayev bildirib.

