Çia və kətan toxumları artıq uzun müddətdir “superfood” statusu qazanıb. Sosial şəbəkələrdə onlara “qarını yastılaşdırmaq”, “yuxuda yağ yandırmaq” kimi demək olar ki, möcüzəvi təsirlər aid edilir. Lakin onlar həqiqətən bu qədər effektlidirmi və təhlükəli ola bilərlərmi?
Bu toxumlar həqiqətən faydalıdır. Tərkiblərində yüksək miqdarda lif var. Lif mədədə suyu udaraq şişir, həcm yaradır və toxluq hissini uzadır. Çia toxumunda lif daha çoxdur, kətan isə omeqa-3 yağ turşuları ilə zəngindir. Həmçinin onların tərkibində antioksidantlar, zülal və sümüklər üçün vacib olan minerallar mövcuddur.
Amma əsas məsələ budur: çia və kətan təkbaşına arıqlatmır. Onlar yalnız balanslı qidalanma planında köməkçi rol oynaya bilər. Lif və zülal birlikdə qəbul edildikdə karbohidratların qana daha sabit keçməsinə kömək edir və bu, xüsusilə şəkər səviyyəsinin kəskin dəyişməsinin qarşısını ala bilər.
Digər tərəfdən, bu toxumlar da kalorilidir. Bir xörək qaşığı çia və ya kətan təxminən 50–60 kilokaloridir. Əgər onları rasiona nəzarətsiz əlavə etsəniz, fərqinə varmadan artıq kalori qəbul edə bilərsiniz.
Hər kəs üçün uyğun da deyil. Yüksək lif səbəbindən qəfil çox qəbul edildikdə köp, qaz və narahatlıq yarada bilər. Başlamaq üçün gündə 1–2 çay qaşığı kifayətdir. Çianı mütləq mayeyə qoyub islatmaq lazımdır. Kətanı isə üyüdülmüş formada istifadə etmək daha məqsədəuyğundur.
Ən vacib şərt isə budur: kifayət qədər su içmək. Lif yalnız 1,5–2 litr gündəlik maye qəbulu ilə effektiv işləyir.
Nəticə sadədir: çia və kətan faydalıdır, amma möcüzə deyil. Onlar iştahanı nəzarətdə saxlamağa kömək edir, amma yağı öz-özünə yandırmır. Əsas prinsip isə həmişə olduğu kimi – ölçü və balansdır.

