Son illər sürətli arıqlamaq məqsədi ilə seçilən bəzi qidalanma modelləri ciddi sağlamlıq riskləri yarada bilər. Mütəxəssislər xüsusilə karbohidratın kəskin şəkildə məhdudlaşdırıldığı pəhrizlərin bağırsaq sağlamlığına mənfi təsir göstərə biləcəyini bildirərək, bu cür qidalanma formalarının şüursuz şəkildə tətbiq edilməməsi barədə xəbərdarlıq edirlər.
Karbohidratı ciddi şəkildə azaldıb yağ əsaslı qidalanmaya söykənən ketogenik pəhrizin ilk olaraq epilepsiya kimi bəzi xəstəliklərin müalicəsində istifadə olunduğunu xatırladan Qidalanma və Dietologiya üzrə mütəxəssis Ayşegül Akkaya Erden bildirib ki, bu gün bir çox insan bu pəhrizi sürətli çəki itkisi məqsədi ilə tətbiq edir. Onun sözlərinə görə, sürətli nəticə hər zaman uzunmüddətli sağlamlıq demək deyil.
Ketogenik pəhrizlə bağlı aparılan elmi araşdırmaların əksəriyyətinin qısa müddəti əhatə etdiyini deyən dietoloq qeyd edib ki, tədqiqatlar bu pəhrizlə qısa müddətdə çəki itkisi, qan şəkəri və bəzi yağ göstəricilərində müəyyən yaxşılaşmalar ola biləcəyini göstərir. Lakin bu araşdırmalar adətən bir neçə ayla məhdudlaşır və pəhrizin illərlə tətbiqi zamanı orqanizmdə nələrin baş verəcəyi dəqiq bilinmir.
Mütəxəssis bu pəhrizin ürək sağlamlığı üçün də risklər daşıya biləcəyinə diqqət çəkib. Bildirib ki, bəzi insanlarda ketogenik pəhriz fonunda “pis xolesterin” hesab olunan LDL səviyyəsi yüksələ bilər. Bu isə uzunmüddətli dövrdə ürək-damar xəstəlikləri riskini artıra bilər. Risk xüsusilə kərə yağı, emal olunmuş ətlər və doymuş yağlarla zəngin qidaların çox istifadə edildiyi pəhrizlərdə daha qabarıq olur. Onun sözlərinə görə, hər yağ faydalı deyil və yağ seçimi son dərəcə önəmlidir.
Ketogenik pəhrizin infarkt, insult və ya erkən ölüm riskinə təsiri barədə kifayət qədər elmi məlumat olmadığını bildirən Ayşegül Akkaya Erden vurğulayıb ki, mövcud bilgilərlə bu pəhrizin uzun illər təhlükəsiz şəkildə tətbiq oluna biləcəyini demək mümkün deyil. Bu səbəbdən xroniki xəstəliyi olan şəxslər xüsusilə ehtiyatlı olmalıdır.
Dietoloq əlavə edib ki, ketogenik pəhriz çörək, paxlalılar, meyvə və bəzi tərəvəzləri ciddi şəkildə məhdudlaşdırır. Bu isə lif qəbulunun azalmasına səbəb olur. Lif çatışmazlığı uzun müddətdə qəbizlik, bağırsaq fəaliyyətsizliyi və immun sistem problemlərinə yol aça bilər. Bağırsaq sağlamlığının ümumi sağlamlıq üçün çox vacib olduğunu qeyd edən mütəxəssis, bu pəhrizin sosial və gündəlik həyatda davam etdirilməsinin də çətin olduğunu, uzunmüddətli məhdudiyyətlərin insanı psixoloji baxımdan da yora biləcəyini bildirib.
Ayşegül Akkaya Erden sonda qeyd edib ki, ketogenik pəhriz bəziləri üçün qısa müddətli üsul kimi uyğun ola bilər, lakin hamı üçün uyğun deyil. Onun sözlərinə görə, qidalanma planı seçilərkən yaş, sağlamlıq vəziyyəti, həyat tərzi və vərdişlər mütləq nəzərə alınmalıdır.
“Ən sağlam pəhriz insanın davam etdirə bildiyi və orqanizminə zərər verməyən pəhrizdir. Arıqlamağa başlamazdan əvvəl mütləq mütəxəssisə müraciət edilməlidir. Çəki itirmək önəmlidir, amma sağlamlığı itirərək arıqlamaq düzgün deyil.”

