Depressiyadan əziyyət çəkən insanlar da gülümsəyə, zarafat edə və gündəlik həyatlarına davam edə bilərlər.
Bu barədə psixiatr Yuliya Şepelskaya LIFE.ru nəşrinə açıqlamasında bildirib.
Psixiatrın sözlərinə görə, insanın zahirən xoşbəxt görünməsi onun depressiyada olmadığını göstərmir.
Həkim bildirib ki, depressiyanın yalnız kədər, insanlardan uzaqlaşma və heç nədən zövq almamaqla müşayiət olunduğunu düşünmək yanlışdır.
“Mən tez-tez zarafat edən, işə gedən, gələcəklə bağlı planlar quran, lakin eyni zamanda ağır depressiyadan əziyyət çəkən pasiyentlərlə qarşılaşıram. Müəyyən anlarda sevinc hiss etmək insanın psixi cəhətdən sağlam olduğunu sübut etmir”, – deyə mütəxəssis vurğulayıb.
Psixiatrın sözlərinə görə, depressiya bəzən kədərdən daha çox fiziki əlamətlərlə özünü büruzə verir.
Yuxusuzluq, iştahanın azalması, bədəndə ağrılar və davamlı yorğunluq diqqət yetirilməli olan əlamətlər sırasındadır.
Mütəxəssis qeyd edib ki, insanın psixi vəziyyətini yalnız onun xarici görünüşünə və davranışlarına əsasən qiymətləndirmək düzgün deyil.

