Xoşbəxt olmaq üçün üç vərdişdən imtina etmək lazımdır. Psixiatr Xavyer Kintero hesab edir ki, insanın daxili rahatlığı çox vaxt məhz düşüncə tərzindən asılıdır. Bu barədə Deia nəşri yazır.
Mütəxəssis ilk növbədə keçmişdə ilişib qalmağı təhlükəli vərdiş adlandırıb. Onun sözlərinə görə, vaxtilə verilən qərarları, deyilən yanlış sözləri və edilən səhvləri dəyişmək mümkün deyil. Keçmişə həddindən artıq fokuslanmaq isə insanda günahkarlıq, peşmanlıq və məyusluq hissini artırır, irəli getməyə mane olur.
İkinci vərdiş gələcəyə qorxu ilə baxmaqdır. Həkim bildirib ki, bu, güclü stress yaradır. Onun sözlərinə görə, insanların narahat olduğu hadisələrin böyük hissəsi əslində heç vaxt baş vermir, amma beyin mümkün problemləri, uğursuzluqları və pis ssenariləri düşünməyə çox enerji sərf edir.
Üçüncü məqam isə xoşbəxtliyi başqa insanlardan gözləməkdir. Kintero vurğulayıb ki, heç kim insanın daxili boşluğunu tam doldura və onun bütün problemlərini həll edə bilməz.
“Heç kim sizin yerinizə sevinə bilməz. Xoşbəxtlik sizin içinizdə başlayır”, — deyə psixiatr bildirib.

