Yuxusuzluq zamanı saatlarla yataqda uzanaraq özünü yatmağa məcbur etmək düzgün deyil. Özünü fiziki fəaliyyət və ya idmanla həddindən artıq yormaq da insomniya ilə mübarizədə ən effektiv üsul sayılmır.
RT-yə açıqlamasında psixiatr Ruslan İsayev bildirib ki, belə vəziyyətdə qısa müddətə yataq otağından çıxmaq və kitab oxumaq kimi sakit bir məşğuliyyətlə diqqəti yayındırmaq daha faydalıdır.
Mütəxəssisin sözlərinə görə, əsas məqsəd yorulmaq deyil, beyində “yataq = əzab çəkdiyim və yata bilmədiyim yer” əlaqəsinin yaranmasının qarşısını almaqdır. Bu üsul yuxusuzluğun koqnitiv-davranış terapiyasında tətbiq edilir və yataqla yuxu arasındakı təbii əlaqəni bərpa etməyə yönəlib.

Həkim vurğulayıb ki, yuxu pozuntusu üç aydan çox davam edirsə, həftədə üç dəfədən artıq baş verirsə, gündüz yorğunluğu, əmək qabiliyyətinin azalması və ya emosional problemlərlə müşayiət olunursa, mütəxəssisə müraciət etmək lazımdır.
Onun sözlərinə görə, xroniki yuxusuzluq çox vaxt müstəqil xəstəlik deyil və narahatlıq, depressiya və ya bipolyar pozuntu kimi psixi problemlərin əlaməti ola bilər.

