Dövlət imtahanlarından sonra məktəb məzunlarında yuxu pozğunluğu, taxikardiya və həzm sistemi ilə bağlı problemlər yarana bilər.
Bu barədə NEWS.ru-ya açıqlamasında “KDL Medskan” laboratoriyalar şəbəkəsinin tibb departamentinin rəhbəri Olqa Malinovskaya bildirib.
Onun sözlərinə görə, imtahan dövründə şagirdlərin yaşadığı stress təkcə psixoloji deyil, həm də fiziki narahatlıqlara səbəb ola bilər.
Malinovskaya qeyd edib ki, iyun ayı Rusiyada məktəblərdə əsasən dövlət imtahanları ilə keçir. Bu dövrdə on birinci sinif şagirdlərinin üzləşdiyi gərginlik o qədər yüksək olur ki, uşaqlar imtahanlar və buraxılış gecəsi başa çatdıqdan sonra da özlərini yaxşı hiss etməyə bilərlər.
Mütəxəssis bildirib ki, imtahanlardan əvvəl şagirdlərin böyük əksəriyyəti həyəcan keçirir, yalnız 5 faiz məzun özünü tam əmin hiss edir.
Onun sözlərinə görə, narahatlıq və gərginlik hazırlıq prosesinə mane olur, eyni zamanda yuxu pozğunluğu, yorğunluq, baş ağrıları, həzm problemləri və ürək döyüntüsünün sürətlənməsi kimi əlamətlərə yol aça bilər.
Həkim əlavə edib ki, dövlət imtahanlarına hazırlıq əslində uzunmüddətli sınaqdır və demək olar ki, bütün buraxılış sinfi boyunca davam edir.

Malinovskaya valideynlərə xəbərdarlıq edib ki, uşaqlarda güclü yorğunluq, yuxuya getməkdə çətinlik, səbəbsiz əhval dəyişiklikləri və həddindən artıq emosional reaksiyalar müşahidə edilərsə, buna diqqətlə yanaşmaq lazımdır.
Onun sözlərinə görə, imtahan marafonundan sonra bir çox məzuna sadəcə istirahət deyil, tam bərpa dövrü lazımdır.
Mütəxəssis vurğulayıb ki, uzunmüddətli stress və zehni gərginlik orqanizmi zəiflədir. Bu zaman ilk növbədə sinir sistemi və immunitet zərər görür. Xroniki xəstəliklərin kəskinləşməsi və tez-tez soyuqdəymə halları da diqqət tələb edən əlamətlər sırasındadır.

