Həyəcan pozuntusu çox vaxt adi yorğunluq kimi özünü göstərə bilər.
Bu barədə NEWS.ru-ya psixiatr Marina Alekseyeva bildirib.
Onun sözlərinə görə, bir çox insan aylarla həyəcan pozuntusu ilə yaşayır, lakin vəziyyətini yorğunluq, gərgin iş qrafiki və ya xarakter xüsusiyyəti ilə izah edir. Belə insanlar işləməyə, ünsiyyət qurmağa və gündəlik öhdəliklərini yerinə yetirməyə davam etsələr də, daxildə daimi gərginlik, pis bir hadisə baş verəcəyi hissi və rahatlaşa bilməmək problemi yaşayırlar.
Alekseyeva qeyd edib ki, həyəcan insan üçün real təhlükə və ya mühüm hadisə qarşısında normal reaksiyadır. Lakin bu hal daimi xarakter alırsa, səbəbsiz yaranırsa, yuxuya, işə və qərar qəbul etməyə mane olursa, artıq sadə emosional xüsusiyyət sayılmamalıdır.
Psixiatr vurğulayıb ki, həyəcan pozuntusu hər zaman panika şəklində üzə çıxmır. İnsan zahirən sakit, məsuliyyətli və uğurlu görünə bilər, amma daxilən daimi gərginlik içində yaşaya bilər. Bu zaman yorğunluq təkcə iş yükündən deyil, həm də davamlı nəzarət ehtiyacından, səhv etmək qorxusundan və narahat fikirlərin təkrar-təkrar beyində canlanmasından yaranır.
Həkimin sözlərinə görə, həyəcan bədəndə də müxtəlif əlamətlərlə özünü göstərə bilər. Bunlara ürək döyüntüsünün sürətlənməsi, boğazda düyün hissi, hava çatışmazlığı, əzələ gərginliyi, titrəmə, tərləmə, qarında narahatlıq və başgicəllənmə daxildir.
Bu səbəbdən bəzi insanlar əvvəlcə müxtəlif həkimlərə müraciət edir, müayinələrdən keçir, lakin simptomları psixoloji vəziyyətlə əlaqələndirmirlər.
Mütəxəssis bildirib ki, həyəcan pozuntusunun daha bir geniş yayılmış əlaməti yuxu pozğunluğudur. İnsan uzun müddət yata bilmir, söhbətləri, görüləcək işləri, mümkün səhvləri və gələcək problemləri düşünür. Səhər isə artıq yorğun oyanır, gün ərzində əsəbi, diqqətsiz və stressə qarşı daha həssas olur.
Alekseyeva tövsiyə edib ki, həyəcan bir neçə həftə və ya ay ərzində keçmirsə, normal həyata mane olursa, insanlardan, səfərlərdən, işdən, telefon zənglərindən və yeni tapşırıqlardan yayınmağa səbəb olursa, mütləq mütəxəssisə müraciət etmək lazımdır.
Həkimin sözlərinə görə, daimi yoxlama ehtiyacı, təkrarlanan şübhələr və təhlükəsiz şəraitdə belə rahatlaşa bilməmək də diqqətə alınmalı əlamətlərdəndir.

