Payız mövsümündə süfrələrdə tez-tez yer alan bəzi məhsullar dərinin sağlamlığını dəstəkləyən polisaxaridlərin mənbəyi ola bilər.
“Nutrients” elmi jurnalında dərc olunan yeni icmalda qida polisaxaridlərinin dəri baryeri, immun tarazlıq, mikrobiota, oksidləşdirici stress və hüceyrələrarası matriks kimi dəri sağlamlığı üçün vacib mexanizmlərlə əlaqəsi araşdırılıb.
Polisaxaridlər mürəkkəb karbohidratlardır. Onların orqanizmə təsiri molekulyar quruluşundan, mənşəyindən və qəbul formasından asılı olaraq fərqlənir. Tədqiqat müəllifləri buna görə bütün polisaxaridlərin eyni təsirə malik olmadığını xüsusi vurğulayırlar.
Payız rasionuna daxil edilə biləcək polisaxaridlərlə zəngin məhsullar arasında bunlar diqqət çəkir:
Balqabaq – pektin və qida lifləri ilə zəngindir. Liflə zəngin qidalanma bağırsaq mikrobiotasını və metabolik sağlamlığı dəstəkləyə bilər.
Göbələk – beta-qlükanlar ehtiva edir. Bu maddələr immun və iltihabi proseslərin tənzimlənməsi ilə bağlı elmi araşdırmaların diqqət mərkəzindədir.
Alma – əsasən pektinlə zəngindir. Pektin bağırsaq mikrobiotasına təsir edən həll olunan qida liflərindən biridir.
Çuğundur – pektin maddələri və müxtəlif bioaktiv birləşmələr ehtiva edir və balanslı rasionun bir hissəsi kimi istifadə oluna bilər.
Kələm turşusu– həm fermentasiya nəticəsində yaranan faydalı mikroorqanizmlər, həm də bitki mənşəli liflər baxımından maraqlı məhsuldur. Bağırsaq baryeri və mikrobiotanın vəziyyəti isə “bağırsaq–dəri oxu” vasitəsilə dəri sağlamlığı ilə əlaqələndirilir.

İcmala görə, polisaxaridlərin potensial təsirləri mikrobiotanın tənzimlənməsi, immun cavabın modulyasiyası, dəri baryerinin qorunması, oksidləşdirici proseslərin azaldılması və kollagen-elastin kimi hüceyrəxarici matriks komponentlərinin müdafiəsi ilə əlaqəli ola bilər.
Bununla belə, alimlər vacib bir məqamı vurğulayırlar: mövcud elmi məlumatlar polisaxaridlərin müxtəlif bioloji mexanizmlərə təsirini göstərsə də, konkret bir məhsulun qəbulunun dəridə müəyyən nəticəni mütləq yaradacağını söyləmək üçün klinik sübutlar hələ kifayət deyil.
Yəni bu məhsullar dəri üçün “möcüzəvi vasitə” deyil, lakin müxtəlif və liflə zəngin qidalanmanın faydalı bir hissəsi ola bilər.

