ABŞ prezidenti Donald Trampın Ukraynada xüsusi nümayəndəsi Kit Kelloq "Times" qəzetinə verdiyi müsahibədə Böyük Britaniya və Fransanın Ukraynada səlahiyyət zonaları yaratmalarını təklif edib.
Den.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
Kelloqun planına görə, britaniyalı və fransız qoşunları "təhlükəsizlik təminatı qüvvələri" kimi Dnepr çayının qərbində məsuliyyət zonaları və onları işğal altındakı Rusiya ərazilərindən ayıran demilitarizasiya edilmiş zona yarada bilər. "Bunu təxminən İkinci Dünya müharibəsindən sonra Berlində baş verənlər kimi təsəvvür etmək olar, burada rus, fransız, britaniya və amerikan zonaları olub", - o, izah edib.
Kelloq Dnepr çayının qərbində, Ukraynanı şimaldan cənuba keçən və Kiyevdən keçən ərazidə olan ingilis-fransız qüvvələrinin Moskvaya "qətiyyən təhrikedici" olmayacağını hesab edir. "Siz Dnepr çayının qərbindəsiniz, bu ciddi maneədir", - Kelloq deyib. Onun fikrincə, Ukrayna kifayət qədər böyük bir ölkədir ki, burada sülh sazişlərinin icrasını təmin etməyə çalışan qoşunları yerləşdirmək mümkün olsun.
O, demilitarizasiya edilmiş 18 mil (təxminən 29 km) zonanın mövcud nəzarət xətləri boyunca şərqdə tətbiq oluna biləcəyini təklif edib. Eyni zamanda, ABŞ prezidentinin xüsusi nümayəndəsi Putinin "nəzarət zonaları" təklifini "qəbul etməməsi" ehtimalını etiraf edib.
Böyük Britaniya və Fransadan olan qüvvələrin, digər "könüllü koalisiya ölkələrinin qoşunları ilə birlikdə Rusiya ilə atışma etməmələrini təmin etmək üçün Kelloq Ukrayna ilə Rusiya arasındakı xəttin ortasında bufer zonasının yaradılmasının lazım olduğunu qeyd edib. "Xərtəyə baxırsınız və daha yaxşı bir termin olmadığı üçün demilitarizasiya edilmiş zona yaradırsınız", - o, izah edib. - "Hər iki tərəfi 15 kilometr geri çəkirsiniz, bu, 18 mil edir".
Bir müddət sonra Kit Kelloq "İks" sosial şəbəkəsində ABŞ-ın öz hərbi qüvvələrini göndərməyəcəyini açıqlayıb. O, həmçinin Ukraynanın bölünməsi ilə bağlı heç bir söz demədiyini vurğulayıb. "Times" qəzetindəki məqalə dediklərimi yanlış təhrif edir", - Trampın xüsusi nümayəndəsi yazıb.
"Mən Ukraynanın suverenliyini dəstəkləmək üçün atəşkəsdən sonra qüvvələrin möhkəmlənməsindən bəhs edirdim. Həmsərhəd bölgələr barədə danışarkən, mən yalnız ABŞ qoşunlarının iştirakı olmadan müttəfiq qüvvələrinin məsuliyyət zonalarından söhbət açmışam. Ukraynanın bölünməsini nəzərdə tutmamışam", - o, izah edib.
Bu arada "Reuters" xəbər verir ki, Kit Kelloq Donald Trampa açıq şəkildə bildirib ki, Ukrayna heç vaxt dörd ərazini- Xerson, Zaporojye, Luqansk və Donetsk bölgələrini Rusiyaya tamamilə verməyə razı olmayacaq. Agentliyin vurğuladığına görə, Kelloq "Politico" nəşrinin məlumatına əsasən, əslində sülh danışıqlarından kənarlaşdırılıb və Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoffun mövqeyinə qarşı çıxıb. Uitkoff aprelin 11-də Sankt-Peterburqa gedib və burada Rusiya prezidenti Vladimir Putin ilə görüş keçirib.
Uitkoffun fikrincə, Ukraynada atəşkəs əldə etməyin ən sürətli yolu Rusiyaya Ukraynanın dörd regionunda mülkiyyət hüququnun verilməsi strategiyasını dəstəkləməkdir, bunu agentliyə iki amerikalı rəsmisi və beş digər şəxs bildirib. Tramp ilə görüşündə Kelloq Uitkoffa etiraz edərək bildirib ki, Ukrayna bəzı ərazilərlə bağlı danışıqlara hazır olsa da, heç vaxt Rusiyaya dörd bölgə üzərində nəzarəti verməyə razı olmayacaq.
"Axios" portalı qeyd edir ki, Tramp son həftələrdə Ukrayna ilə sülh danışıqlarında heç bir əhəmiyyətli irəliləyişin olmamasından narazıdır. Portalın mənbələrinə görə, əgər ayın sonuna qədər atəşkəs əldə olunmasa, Tramp Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edə bilər.