Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Laçında "Həkəriçay" su anbarının təməlini qoyub.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov dövlət başçısına layihə barədə məlumat verib.
Bildirilib ki, Azərbaycan sərhədləri daxilində formalaşan Həkəriçay üzərində ümumi tutumu 100 milyon kubmetr, faydalı həcmi isə 90 milyon kubmetr olan su anbarının yaradılması nəzərdə tutulur.
Layihə çərçivəsində həmçinin saniyədə 8 kubmetr su ötürmə qabiliyyətinə malik, təxminən 172 kilometr uzunluğunda magistral boru kəməri inşa ediləcək.
Yeni infrastruktur Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd və Ağdam rayonlarında yaşayan təxminən 700 min nəfərin saniyədə 2,5 kubmetr həcmində keyfiyyətli içməli su ilə təmin olunmasına imkan verəcək.
"Həkəriçay" su anbarından qidalanacaq magistral boru kəməri üzərində ümumi gücü 10,81 meqavat olan üç su elektrik stansiyasının tikintisi də planlaşdırılır.
"Həkəriçay" su anbarı əhalinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunması ilə yanaşı, azad edilmiş ərazilərdə su ehtiyatlarının səmərəli idarə edilməsində, regionun və ölkənin digər iri şəhərlərinin su təminatının yaxşılaşdırılmasında, eləcə də sosial-iqtisadi inkişafın dəstəklənməsində mühüm rol oynayacaq.

