Türkiyə televiziyalarının sevilən “Mahallenin Muhtarları” serialında canlandırdığı “Əczaçı Bahadır” obrazı ilə yadda qalan aktyor Alp Balkanın vəfatından sonra daha bir acı xəbər gəlib.
Mayın 12-də dünyasını dəyişən aktyorun atası Mustafa Balkan oğlunun ölümündən 24 gün sonra vəfat edib.
Acı xəbəri Film-San Vakfı yayıb. Qurumun açıqlamasında bildirilib:
“Aktyor dostumuz Alp Balkanı itirməyimizdən düz 24 gün keçdi. Təəssüf ki, atası Mustafa əmini də itirdik. Allah rəhmət eləsin. Məkanı cənnət olsun”.
Ötən həftələrdə keçirilən dəfn mərasimində təkərli kresloda məscidə gətirilən Mustafa Balkan oğlunun tabutunun yanından bir an belə ayrılmamışdı.

Kədərli ata Alp Balkanın tabutuna sarılaraq göz yaşları tökmüş, həmin anlar mərasimə qatılanları dərindən təsirləndirmişdi.
Mustafa Balkanın cənazəsi bu gün günorta namazından sonra Bakırköy Yenimahalle Məscidində qılınacaq cənazə namazının ardından Büyükçekmece Yeni Qəbiristanlığında torpağa tapşırılacaq.

Aktyorluq karyerası boyunca “Yusuf Yüzlü”, “Belalı Baldız” və “Davetsiz Misafir” kimi layihələrdə də rol alan Alp Balkan eyni zamanda musiqiçi kimi də sənət dünyasında fəal olub. O, bir çox məşhur adın vokalçısı kimi çalışıb, həmçinin Film-San Vakfı nəzdində teatr üzrə münsif üzvü vəzifəsini də yerinə yetirib.

Alp Balkanın vəfatından sonra atası Mustafa Balkanın da dünyasını dəyişməsi sənət camiəsində və yaxın çevrəsində böyük kədərə səbəb olub. Ata və oğulun ard-arda vəfatı onları sevənləri dərindən sarsıdıb.

